<<< Geri

 

MÜASİR AZƏRBAYCAN DİLİ - SİNTAKSİS

Giriş

MÜRƏKKƏB CÜMLƏ

Giriş

“Sintaksis”- yunan mənşəli suntaxis sözündən olub, tərtibat, qurulma, birləşmə mə`nasındadır. Bir sıra dilçilik terminləri kimi, sintaksis sözü də iki terminoloji mə`nada - həm dilin sintaktik quruluşu, həm də dilin sintaktik quruluşundan bəhs edən elm mə`nalarında işlədilir.

Dilin sintaktik quruluşu sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarının məcmusu və sistemidir. Qrammatikanın bir şö`bəsi olan sintaksis isə sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarından bəhs edən elmdir. Başqa sözlə, bu ikinci mə`nada sintaksis fikrin maddi dil cildinə salınması qaydaları haqqında tə`limdir.

Dilimizin sintaktik quruluşu Azərbaycan türk şifahi nitqinin formalaşması ilə bir vaxtda təşəkkül tapmışdır və daim inkişafdadır - minilliklər boyu tədricən səlisləşmə, təkmilləşmə yolu ilə irəliləyir. Sintaktik quruluşda baş verən inkişaf və mürəkkəbləşmə xalqımızın təfəkkür zənginliyi ilə bağlıdır. Dil, filosofların dediyi kimi, təfəkkür gerçəkliyidir və təfəkkür, başlıca olaraq, dil materialı əsasında reallaşır.

Sözlər və cümlələr arasında ə l a q ə, sözlərin və cümlələrin b i r - l ə ş m ə s i, ümumiləşmiş şəkildə desək, b a ğ l ı l ı q məsələsi sintaksisin əsas məsələsidir. Sözlər arasında əlaqə, bağlılıq nəticəsində iki cür sintaktik vahid yaranır: söz birləşmələri və cümlələr. Cümlələr arasında əlaqə və bağlılıq nəticəsində mürəkkəb cümlələr və sintaktik bütövlər (mətn) əmələ gəlir. Ona görə də s i n t a k t i k v a h i d l ə r dedikdə, söz birləşməsi, sadə cümlə, mürəkkəb cümlə və sintaktik bütövlər nəzərdə tutulur. Bunlar sintaksisin tədqiq və öyrənmə obyektləridir. Bunlarla yanaşı, sintaktik əlaqələr, sintaktik semantika anlayışları da elmi sintaksisin əsas anlayışlarındandır.

S ö z b i r l ə ş m ə l ə r i n i n əsas vəzifəsi nominativlikdir. Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də əşya və hadisələri adlandırır. Sintaksisin ilkin vahidi olduğundan tədris prosesində söz birləşmələrinin quruluş modelləri, növləri, qrammatik əlamətləri, mürəkkəb söz və cümlə yaradıcılığında rolu ətraflı nəzərdən keçirilir.

C ü m l ə ünsiyyətin ilk və əsas vahididir. Cümlə fikrin formalaşması, ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə olduğundan özünün çoxaspektliliyi ilə səciyyələnir. Struktur, semantik və kommunikativ aspektlər cümlədə bir-biri ilə qarşılıqlı əlaqə və münasibətdə olur. Kommunikativ aspekt cümlə strukturunda çox mühüm yer tutur və məhz kommunikasiya ehtiyacı cümlənin semantikasını və quruluşunu müəyyənləşdirir. Ona görə də cümlə problemi sintaksisin mərkəzində durur.

Morfologiyada nitq hissələrinin leksik və qrammatik mə`naları fərqləndirildiyi kimi, sintaksisdə də sintaktik vahidlər və onların komponentləri leksik və qrammatik semantikasına görə fərqləndirilir. Sərin külək, uca dağ, ağ çiçək; külək əsəndə, dağa çıxanda, çiçək dərəndə birləşmələrinin hər biri həmin birləşməni təşkil edən sözlərin maddi-əşyavi mə`nası əsasında qurulmuşdur. Bunlar birləşmələrin leksik mə`nasıdır. Leksik mə`na hər bir birləşmə üçün fərdi xarakter daşıyır.

Eyni zamanda, verilmiş birləşmələrdən əvvəlki üçü qurulma texnikasına və əsas tərəfin ifadə vasitələrinə görə sonrakı üçündən fərqlənir. Birinci qrup birləşmələri “əşya və onun əlaməti” (atributiv əlaqə), ikinci qrup birləşmələri “hərəkət və onun obyekti” (obyekt əlaqəsi) şəklində qruplaşdırmaq olar. Bu cür ümumiləşmiş mə`nalar birləşmələrin qrammatik mə`nasıdır.

Əsmər kitab oxuyur. Nazim əl-üzünü yuyur. Əsmər kitab oxuyur? Nazim əl-üzünü yuyur? Əsmər, kitab oxu! Nazim, əl-üzünü yu! - cümlələri həmin cümlələri təşkil edən sözlərin semantikasından irəli gələn leksik mə`naya malikdir. İlk iki cümlədə bir şey haqqında mə`lumat verilir, sonrakı ikisində bir şey soruşulur, sonuncu cümlələrdə subyekt bir işə təhrik edilir. Bunlar həmin cümlələrin ümumiləşmiş qrammatik mə`nalarıdır. Əsmər evdə kitab oxuyur - Əsmər evdə maraqlı bir kitab oxuyur - Əsmər bu gün evdə maraqlı bir kitab oxuyur - Əsmər bu gün evdə balaca bacısına maraqlı bir kitab oxuyur - cümlələri təkcə leksik mə`nalarına görə deyil, qrammatik mə`nalarına, əlavə olaraq əlamət, obyekt, məkan, zaman bildirmə imkanlarına görə də fərqlənir. Qrammatik mə`na eyni quruluşlu sintaktik vahidlərin ümumiləşmiş mə`nalarıdır, leksik mə`nanın yüksək dərəcədə ümumiləşməsidir.

Son dövrlərdə dilin sintaktik quruluşu iki səviyyədə öyrənilir: bunlardan birincisi ilə ən`ənəvi (potensial) sintaksis, ikincisi ilə aktual sintaksis məşğul olur. Potensial sintaksisin obyekti dilin, aktual sintaksisin obyekti nitqin sintaktik quruluşudur. Potensial sintaksisin əsas vahidi cümlə, aktual sintaksisin əsas vahidi söyləmdir.1

S ö y l ə m (ingilis dilində statement, rus dilində vıskazıvanie) - müəyyən fikir ifadə edən ünsiyyət vahididir. Söyləm əksərən cümləyə uyğun gəlsə də, bə`zən cümlə çərçivəsindən kənara çıxır, dil sisteminin müstəqil vahidi sayılır və aşağı səviyyənin vahidi olan cümlədən fərqləndirilir. Bir cümlə kommunikativ funksiyasından asılı olaraq, bir neçə söyləmin ifadəsinə xidmət edə bilər; məs.: İndi ağaclar yaşıldır - cümləsi məntiqi vurğunun həmin cümlədəki yerindən asılı olaraq söyləmin üç cür təzahürünə səbəb ola bilər. Bunu söz sırasının inversiyası ilə də etmək mümkündür: Ağaclar i n d i yaşıldır. İndi ağaclar yaşıldır. Ağaclar y a ş ı l d ı r indi.

Cümlənin söyləm funksiyasının əsas göstəricisi a k t u a l üzvlənmədir. Aktual üzvlənmənin əsas vahidləri tema və remadan ibarətdir (“tema” -mə’lumat, “rema” - predikat deməkdir). Cümlənin qrammatik (formal) üzvlənməsi ilə aktual üzvlənməsi əks tərəflər kimi qarşı-qarşıya qoyulur və fərqləndirilir. Qrammatik üzvlənmədə cümlə tərkib elementlərinə görə təhlil edilir və onun beş üzvü (mübtəda, xəbər, tamamlıq, tə`yin, zərflik) göstərilir. Aktual üzvlənmədə isə cümlə tərkib elementlərinin söyləmə daxil edilməsi məqsədinə görə bölünür və iki üzvə (tema və remaya) ayrılır. Buna görə də hər bir söyləmin üzvləri (tema və reması) həmin söyləmin konkret kommunikativ funksiyası, məqsədi ilə müəyyən olunur. Tema və remanın mühüm əlamətləri intonasiya və söz sırasıdır: tema əvvəl, rema sonra işlənir; temada ton yüksəlir, remada zəifləyir, lakin rema məntiqi vurğu ilə tələffüz olunur. Hər bir kommunikativ vahid - cümlə-söyləm adətən iki hissədən - tema və remadan ibarət olur. Tema söhbətin predmetini, danışan və dinləyən üçün “mə`lum olan”ı, rema isə “yeni”ni bildirir. Şübhəsiz, cümlənin işlədilməsində məqsəd tema deyil, məqsəd həmin temadan istifadə edərək “yeni”ni bildirmək, yeni mə`lumat verməkdir. Yeni mə`lumat rema vasitəsilə ötürülür. Buna görə də rema cümlənin nüvəsini təşkil edir. Cümlənin qurulmasında danışanın məqsədi həlledici amil olduğundan aktual üzvlənmə sırf qrammatik hadisə deyil, məntiqi-qrammatik hadisədir. Beləliklə, tema və rema söyləmin iki tərkib hissəsidir və bunlardan ikincisi, yə’ni rema kommunikasiya nüvəsi, yeni informasiya mənbəyidir.

Formal-qrammatik səviyyənin üzvləri aktual səviyyə üzvlərinin formalaşma vasitəsi kimi fəaliyyət göstərir. Hər bir söyləm aktuallıq baxımından üzvlənir. Lakin bə`zən söyləm üzvlənməyə də bilir. Bu cür hallarda o yalnız remadan ibarət olur (tema əvvəlki cümlələrə əsasən təsəvvür edilir). Qrammatik üzvlənmə nominativ, aktual üzvlənmə kommunikativ planda olur.

Xeyli müddət ümumi dilçilikdə aktual üzvlənmə problemi ayrıca götürülmüş cümlə əsasında, cümlə daxilində öyrənilmişdir. Lakin mə`lumdur ki, hər bir cümlə yalnız mətn şəraitində düzgün şərh oluna bilir. Çünki danışıqda, yazıda məqsəd tema deyil və qeyd olunduğu kimi, tema danışana da, dinləyənə də mə`lum faktı ifadə edir. Cümlənin kommunikativ əsasını təşkil edən yeni mə`lumat fikrin irəliləməsinə, dərinləşməsinə, inkişafına səbəb olur və nəticədə söyləmlər bir-biri ilə əlaqələnərək tematik inkişafı - mətnin yaranmasını şərtləndirir. Ona görə də dilçilikdə belə bir fikir formalaşmışdır ki, dildə səviyyə iyerarxiyasının ən müstəqil və ən yüksək vahidi cümlə deyil, mətndir (mətn - ərəb sözü olub, rusca tekst, yunanca tekstum sözünə uyğundur).

M ə t n müəyyən məqsəd ümumiliyi əsasında birləşən və sintaktik-semantik bütöv yaradan cümlələr birliyidir. Cümlələr müvafiq qəlibdə nizamlanır və xüsusi intonasiya ilə konkret bir mikrotema ətrafında qruplaşaraq sintaktik bütövləri əmələ gətirir.

Hər bir cümlə öz kommunikativ funksiyasını dəqiq şəkildə yalnız mətn şəraitində yerinə yetirir. Mətnlər makro və mikro növlərə ayrılır. Mikromətn mətnin bitkin mə`na ifadə edən ən kiçik vahididir. Mikromətnlər dilçilikdə s i n t a k t i k b ü t ö v adlandırılır.2 Sintaktik bütövlər mətnin qurulma texnikası, başqa mətn kateqoriyaları ilə oxşar və fərqli cəhətləri, həcm və sərhədləri, semantik imkanları, müstəqil cümlələrin bir tema ətrafında birləşməsi və tematik inkişaf məsələləri, fikrin ifadəsi üsullarının öyrənilməsi baxımından çox faydalıdır. Ona görə də son dövrlərdə sintaktik bütövlərin öyrənilməsinə xüsusi diqqət yetirilir.

Sintaktik vahidlər söz-formaların, bağlayıcı, ədat, qoşma və sözdəyişdirici şəkilçilərin köməyi ilə formalaşır.

Söz-formalar - sözün sözdəyişdirici şəkilçilər və qoşmalarla dəyişən formalarıdır; məs.:Torpağın ən ağır, ən əziz yükü Gül-çiçək ətridir, quş nəğməsidir (M.Araz) - cümləsində söz-formalar hal (-ın), mənsubiyyət (-ü, -i, -si) və şəxs (xəbərlik) şəkilçilərinin iştirakı ilə yaranmışdır. Söz-formalar “Torpağın ağır, əziz yükü”, “gül-çiçək ətri”, “quş nəğməsi” birləşmələrini formalaşdırmış, birləşmələr uzlaşma yolu ilə əlaqələnərək cümləni əmələ gətirmişdir.

Durma, ey Nizami, iş zamanıdır, Fələk e`tibarsız, dünya fanidir (Nizami) - misralarında dörd sadə cümlə xitabın birləşdirici rolu və sadalama intonasiyası əsasında bir mürəkkəb cümlə şəklində birləşmişdir.

Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Qonşuluğumuzun on beş ildən artıq tarixi var. (Mir Cəlal)

Bu mikromətndə bir sadə cümlə, iki tabesiz, bir tabeli mürəkkəb cümlə qonşu, qonşuluq mikroteması əsasında birləşərək bir sintaktik bütöv əmələ gətirmişdir. Cümlələr arasında əlaqə və münasibətlərin yaranmasında, onların sintaktik bütöv kimi formalaşmasında mən, o əvəzliklərinin, qarşılaşdırma və sadalama intonasiyasının rolu böyükdür.

Misallardan göründüyü kimi, sintaktik bütövlər söz-formalar və onları əmələ gətirən şəkilçilər, qoşmalar, əvəzliklər, bağlayıcılar, ədatlar, modal sözlər, xitablar, söz sırası və intonasiya vasitəsilə, bu vasitələrdən eyni zamanda bir neçəsinin iştirakı ilə formalaşır. Mətnin struktur-semantik təşkili kontakt və distant təkrarlardan, leksik, morfonoloji, morfoloji və sintaktik vasitələrdən asılıdır.

Sözlərin lüğəvi mə`naları cümlənin leksik semantikasını yaradır. Obyektiv aləmin hadisələri arasındakı real əlaqələr məhz onların vasitəsilə ifadə olunur. Cümlələrin formalaşmasında isə əsas işi köməkçi sözlər (bağlayıcılar, qoşmalar, ədatlar, modal sözlər) və şəkilçilər yerinə yetirir. Köməkçi nitq hissələri və prosodik vasitələrlə (intonasiya, vurğu, fasilə və s.) yanaşı, mətnin qurulmasında, sintaktik bütövlərin təşəkkülündə əvəzliklər ən mühüm əlaqələndirici vasitələrdəndir.

Dilin morfoloji və sintaktik quruluşu müxtəlif dil səviyyələri olsalar da, bir-biri ilə sıx bağlıdır. Dildə məhz sözlərin dəyişməsi, müxtəlif şəkillərə düşməsi qaydaları sözlər arasında əlaqələri, sözlərin birləşməsi qaydalarını şərtləndirir. Cümlələrin yaranması və bir tema ətrafında birləşməsi mətnin təşəkkülünə səbəb olur.

Sözlər arasında sadə əlaqə üsulu kimi, tarixən ilk növbədə yanaşma, sıralanma üsulu yaranmışdır. Yanaşma, sıralanma uzlaşma və idarənin təşəkkülü üçün əsas vermişdir. Şəxs əvəzliklərinin tədricən son mövqedə şəkilçiləşməsi, variantlaşması uzlaşmanı meydana çıxarmış, müstəqil sözlərin köməkçi sözlərə çevrilməsi və nəhayət, şəkilçiləşməsi isim hallarının təzahürünə səbəb olmuşdur. Hal şəkilçiləri idarə əlaqəsini formalaşdırmışdır.

Dilimizin sintaktik quruluşunun təşəkkül tarixi çox qədimdir. Azərbaycan dilinin hazırkı sintaktik quruluşu ilə “Dədə Qorqud”un, daha qədim bayatı və xalq mahnılarımızın dil quruluşu arasında əsaslı fərq yoxdur. Lakin dilimizin sintaktik quruluşunun tədqiqi, öyrənilməsi o qədər də qədim deyildir. Azərbaycan dilinin sintaktik quruluşu uzun müddət məktəb qrammatikası həcmində öyrənilmişdir. Elmi sintaksis kursunun formalaşması bizə yaxın dövrün məhsuludur. XX əsrin 50-ci illərindən başlayaraq meydana çıxan bir sıra dərsliklər, dərs vəsaiti, monoqrafiya və dissertasiyalar sintaktik quruluşun elmi şəkildə öyrənilməsinə səbəb olmuşdur. Bu sahədə Ə.Dəmirçizadə, M. Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Z.Budaqova, N.Hacıyeva, Y. Seyidov, H.Bayramov, Z.Tağızadə, Ə.Cavadov, N.Abdullayeva, H.Həsənov, K.Vəliyev, K.Abdullayev kimi görkəmli alimlərimizin böyük xidməti vardır.

  Giriş

Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr

Yanaşma
Uzlaşma
İdarə
Sintaktik vahidlərin tərtibində rolu olan başqa vasitələr

 <<< Geri

 
   

© webmaster: Cahid Kazimov cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com